Rüstəm Atakişiyev
Mən Rüstəm Atakişiyev — proqramçı, Machine Learning mühəndisi olaraq çalışmışam. İtaliyada Alelica bioinformatika startapında və müxtəlif bank sistemlərində çalışmışam. Azərbaycana qayıtdıqdan sonra DillBill və CodeStar layihələrinin həmtəsisçisi olmuşam.
Bu qısa müddət ərzində tələbələrim ANDERSEN, Riot Games kimi nüfuzlu beynəlxalq şirkətlərdə çalışmağa başlayıb
Hal-hazırda isə süni intellekt sahəsində ixtisaslaşmış yeni nəsil mütəxəssislərin yetişdirilməsinə rəhbərlik edirəm.
Missiyam — proqramlaşdırmanın təməllərinə əsaslanan sistemli tədrislə güclü insan kapitalı formalaşdırmaqdır.

Rüstəm Atakişiyev — Güclü Bünövrə ilə Texnologiya Gələcəyinə
Mən Rüstəm Atakişiyev. Bakı Dövlət Universitetində Kompüter Elmləri üzrə təhsil aldıqdan sonra karyerama software developer kimi başladım. O dövrdə banklar hələ geniş developer komandalarına malik deyildi və əksər işlər outsource olunurdu. Mən də həmin dövrdə bir çox aparıcı bankların təhlükəsizlik sistemlərinin qurulmasında mühüm rol oynadım.
Sonra magistr təhsilimi davam etdirmək üçün İtaliyaya, Sapienza Universitetinə yollandım. Burada həm akademik biliklərimi dərinləşdirdim, həm də sahibkarlıq yoluna ilk addımımı atdım. 2019-cu ildə Alelica adlı bir bioinformatika startapının üzvlərindən biri oldum. Machine Learning mühəndisi kimi fəaliyyət göstərdiyim bu layihə insanın ağız suyunu analiz edərək onun genetik köklərini müəyyənləşdirir. Bu gün Alelica 100 milyon dollarlıq dəyərləndirməyə sahibdir.
Təhsildən sonra Azərbaycana qayıtdım və Dillbill layihəsini yaratdıq. Burada ən müasir texnologiyaları tətbiq edərək, ölkədə rəqəmsal təhsilə yeni nəfəs gətirdik. Demək olar ki, 3 il dayanmadan development sahəsində çalışdım.
Bu yolun davamı olaraq CodeStar layihəsi meydana gəldi. Dillbill-in texniki işlərini yeni developerlərə həvalə etmək istədik, lakin bazarda kurs qurtarmış junior developerlərin əksəriyyətində təməl biliklər əskik idi. Onlara işi öyrətmək üçün aylarla zaman sərf olunmalı idi. Bu məqamda sektorda ciddi bir boşluq olduğunu gördüm və qərara gəldim ki, proqramlaşdırmanın əsaslarını öyrədən bir platforma yaratmaq lazımdır.
Əvvəlcə kiçik qruplarla dərslərə başladım, daha sonra Emil Həsənli və Sənan ilə birgə CodeStar-ı qurduq. Başlanğıcda təməl biliklərə fokuslanmağımız bəzi təcrübəli developerlər tərəfindən skeptik qarşılandı. Amma zaman keçdikcə onların da fikirləri dəyişdi. Bu gün artıq bir çox təcrübəli developer belə kursumuza gələrək öz texniki boşluqlarını tamamlayır.
Böyük qürurla deyə bilərik ki, tələbələrimiz artıq Andersen, Riot Games kimi beynəlxalq nəhəng şirkətlərdə çalışırlar. CodeStar olaraq bu gün süni intellektin yüksəlişi fonunda ölkəmiz üçün insan kapitalı yetişdirməkdə davam edirik. Sadəcə texnologiya yox, eyni zamanda tələbələrimizə riyaziyyat və proqramlaşdırmanın təməllərini də öyrədirik.
Hədəfimiz dəyişməzdir: sektorun bünövrəsini möhkəmləndirmək. Çünki inanıram:
👉 “Bünövrəsi güclü olan binanı nə fırtına, nə sel dağıda bilməz.”